Futbol üzrə Almaniya milli komandasının və Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Sami Xedira karyerasını başa vurmağa qərar verib.
Arena.az xəbər verir ki, hazırda “Herta”da çıxış edən 34 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Əlvida deməyin vaxtı gəldi. Bu cür qərarları vermək heç vaxt asan deyil. Çünki həyatı dəyişdirir. Şənbə günü karyeramdakı son matça çıxacağam. Ən böyük klublarda oynamaq, kuboklar qazanmaq və Almaniyanın 2014-cü ildə dünya çempionatının qazandığı tarixi anın bir hissəsi olmaqdan şərəf duyuram. Bütün azarkeşlərə, komanda yoldaşlarıma, məşqçilərə, dostlarıma və ailəmə təşəkkür edirəm. Sona çatmaq üzrə olan bu səyahət boyu yanımda oldunuz. Hörmətlə, Sami…”
Bundesliqada 2020/21 mövsümünün son turunun oyunları mayın 22-də keçiriləcək. “Herta” həmin gün səfərdə “Hoffenhaym”la üz-üzə gələcək. 33 oyuna 35 xalı olan “Herta” hazırda 14-cü pillədədir.

Qeyd edək ki, Xedira Almaniyanın “Ştutqart” klubunun yetirməsidir. O, 2010-cu ildə doğma klubundan ayrılaraq İspaniya nəhəngi “Real”la müqavilə bağlayıb. Beş il Madrid təmsilçisinin uğurları üçün çalışan Sami, 2015-ci ildə İtaliya çempionu “Yuventus”a keçib. Bu ilin əvvəlində isə o, Turin təmsilçisindən ayrılaraq “Herta” ilə müqavilə imzalamışdı.
Alman futbolçu “Ştutqart”da 132 oyuna 6, “Real”da 161 oyuna 9, “Yuventus”da 145 oyuna 21 qol vurub. “Herta”da isə 8 oyun keçirən yarımmüdafiəçi fərqlənə bilməyib.
Sami Xedira Almaniya yığmasında keçirdiyi 77 qarşılaşmada rəqib qapılarından 7 qol keçirib.


