Samir Abasov: “Mövsümə uğurlu başlamaq xoşdur”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, səfərdə 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mövsümə uğurlu başlamaq xoşdur. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Ağır şəraitdə oynadıq. Oyuna pis başlamadıq. İlk hissənin sonuna kimi matç bizim nəzarətimizdə idi. Sonra bir az panika hiss olundu. Hər cür epizodlar oldu. Futbolçular işlərinin öhdəsindən yaxşı gəldilər”.

Samir Abasov qarşıdakı mövsüm üçünü hədəflərindən də söz açıb: “Öz gücümüzə inanırıq. Bacardığımız qədər yuxarı pillələrə oynayacağıq. Kubok da bizim kimi komandalar üçün yaxşı şansdır. Amma bu il çempionat çox gərgin olacaq”.

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə darmadağını belə şərh edib:

“Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Nəticə hər şeyi deyir. 38 dəqiqə sıxıldıq, öz oyunumuzu tapa bilmədik. Anlaşma sıfır dərəcəsində idi. Komandanı həmin dəqiqələrdə tanımadım. 38-45-ci dəqiqələr arasında 4-5 qol epizodu yaratdıq. İkinci hissəyə çox yaxşı başladıq. Ardıcıl qollar gəlməli idi. Fürsətlərdən istifadə edə bilmədik. Oyunda qırılma nöqtəsi penalti idi. Bundan sonra əks-hücumlarda tutulduq. Bu, başlanğıcdır. Komandama möhkəm olmağı tapşırdım. Hələ heç bir faciə baş verməyib. Bu gün bizim pis günümüz idi. Ayağa qalxıb addımlamaq lazımdır. Hər şey normal olacaq. Hesab oyuna görə olmadı. Asan qollar buraxdıq. Məğlubiyyəti konkret olaraq kiminsə üstünə atmaq məşqçinin zəifliyi olar. Hamımız məğlub olmuşuq. Yeni səhifə açmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: