Samir Abasov: “Riad Rəfiyevlə münasibətim pis deyil”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, bu gün doğma meydanda 2:0 hesablı qələbəyə sevindikləri mövsümün ilk matçından sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bu oyuna çox ağır vəziyyətdə çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. “Fehervar”la avrokubok matçının məyusluğu hələ keçməmişdi. 13 saat yolda olduq. Hazırlıq üçün bir gün vaxtımız var idi. Uşaqlar bu gün çox güc qoydular, enerji itirdilər. Futbolçulara təşəkkür edirəm.

Temp aşağı idi? Çempionatın oyunlarına baxanda, görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar baş verir. Hər iki komandada dinamika aşağı idi. Üstəlik, biz çox yorğun idik”.

Samir Abasov klub prezidenti Riad Rəfiyevlə münasibətlərinin necə olduğuna və heyətin kasadlığına dair suallara da cavab verib:

“Klub prezidenti ilə hər şey normaldır. Bu gün çox yaxşı futbol oynadıq və qalib gəldik. Mənə əsas lazım olan budur. Mən soyuqluq hiss etməmişəm. Hamımız situasiyanı anlayırıq. Bəlkə də kimlərsə çox kədərlənib. Mənim kədərlənməyə vaxtım yoxdur. Fikirləşmirəm ki, münasibətimiz pisdir.

Bu heyətlə nəyə nail olacağımıza gəlincə, indi hədəflərimiz barədə danışmayacağam. Əlimdə 13-14 futbolçu var. Onlarla da ən yaxşısını etməyə çalışacağam. Hər oyuna qələbə üçün köklənəcəyik. Gənc, yeniyetmə olsun, fərqi nədir? Onlar hamısı komandamızın üzvüdür. Onlar da özlərini göstərməlidir”.

“Yeni transferlərə ehtiyac var” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov da mövsüün ilk oyunundakı məğlubiyyəti şərh edib:

“Fikrimcə, azarkeşlər maraqlı oyun izlədilər. “Kəpəz” olaraq yenidən komanda qururuq, heyət formalaşdırırıq. Bunun üçün bizə vaxt lazım olacaq. Amma zamanımız da yoxdur. Hər şeyi daha sürətli etməliyik. Tez bir zamanda komandanı komplektləşdirməliyik. Çempionat uzundur, qarşıda oyunlar var. İnanıram ki, komanda bu marafon ərzində daha yaxşı futbol nümayiş etdirəcək, nəticələr qazanacaq. Yeni futbolçuların çempionata uyğunlaşması vaxt aparan prosesdir. Qısa müddətdə toparlanmalıyıq. Komandanı gücləndirmək üçün yeni transferlərə ehtiyac var. Bununla bağlı rəhbərliklə danışmışıq. İmkanlarımız daxilində, nələrsə etməyə çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: