“Sampdoriya” ikisini gətirdi, ikisini icarəyə verdi

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi müdafiəçi Bram Neytinklə hücumçu Sem Lammersi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bram Neytink yeni klubuna “Udineze”dən azad agent kimi gəlib. Onunla 2023-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb. Transferin maddi detalları açıqlanmayıb.

Mərkəz müdafiəçisi olan Bram Neytink 2017-ci ildən “Udineze”də çıxış edirdi. Niderlanddan olan 32 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 143 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Anderlext” və “NEK Neymegen” klublarının da formasını geyinmiş təcrübəli futbolçu bu mövsüm cəmi 8 matça çıxıb.

Sem Lammers isə “Atalanta”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Niderlandlı forvard mövsümün əvvəlində “Empoli”yə icarəyə verilsə də, “Atalanta” onu qış fasiləsində geri qaytarıb. Lakin Berqamo təmsilçisi onu dərhal Genuya klubuna icarəyə verib. Lammers “Empoli”də 14 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı forvard daha öncə yetirməsi olduğu PSV-də, həmçinin “Herenven” və “Ayntraxt”da (Frankfurt) da oynayıb.

“Sampdoriya” öz hücumçusu Françesko Kaputonu da “Empoli”yə icarəyə verib. 35 yaşlı futbolçu 2023-cü ilin 30 iyununa kimi sözügedən klubun uğurları üçün çalışacaq. Müqavilədə satınalma ilə də bağlı müəyyən şərtlər var.

Françesko Kaputo 2021-ci ilin yayından “Sampdoriya”da forma geyinirdi. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 17 oyunda cəmi 2 qol vurub. İtaliyalı təcrübəli futbolçu 2017-2019-cu illər aralığında da “Empoli”də forma geyinib. O, əvvəllər “Sassuolo”, “Virtus Entella”, “Syena”, “Salernitana” və “Bari” kimi klublarda da çıxış edib. İtaliya millisində 2 oyun keçirmiş Kaputo, cəmi 1 qol vurub.

Genuya klubu müdafiəçisi Aleks Ferrarini də “Kremoneze”yə icarəyə verib. 28 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq. İtaliyalı müdafiəçi 2018-ci ildən “Samporiya”da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 71 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mərkəz müdafiəçisi “Bolonya”, “Krotone” və “Verona”da da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: