“Sampdoriya” İtaliya C Seriyasına yuvarlandı

Bir vaxtlar İtaliya futbolunun möhkəm ortabablarından olan, həmçinin zirvələri fəth etməyə müvəffəq olmuş “Sampdoriya” acı günlər yaşayır.

Arena.az məlumat verir ki, “dənizçilər” ilk dəfə olaraq İtaliya C Seriyasına yuvarlanıblar.

İtaliya B Seriyasının sonuncu, 38-ci turunda səfərdə “Yuve Stabiya”nın müqavimətini qıra bilməmiş (0:0) “Doriya” 41 xalla 20 komanda arasında 18-ci yerdə qərarlaşaraq, C Seriyasına uçub.

“Sampdoriya” 1946-cı ildə təsis edilib. “Dənizçilər”in uğurlu dövrü ötən əsrin 80-90-cı illərinə təsadüf edir. “Sampdoriya”nın qənimətlər muzeyində İtalia çempionluğu (1990/1991), İtaliya Kuboku (1984/1985, 1987/1988, 1988/1989, 1993/1994), İtaliya Super Kuboku (1991), həmçinin Avropa Kuboklar Kuboku (1989/1990) var. Həmçinin “Sampdoriya” İtaliya B Seriyası çempionluğunu (1966/1967) qazanıb. “Dənizçilər” İtaliya B Seriyasının gümüş medalçısı (2002/2003), İtaliya Kubokunun finalçısı (1985/1986, 1990/1991, 2008/2009), İtaliya Super Kubokunun finalçısı (1988, 1989, 1994), Avropa Çempionlar Kubokunun finalçısı (1991/1992), Avropa Kuboklar Kubokunun finalçısı (1988/1989) və Avropa Super Kubokunun finalçısı (1990) olublar.

“Sampdoriya”nın əfsanəsi isə hazırda məşqçilik fəaliyyəti ilə ad çıxarmış 60 yaşlı italyan mütəxəssis Roberto Mançini olub. 1982-1997-ci illərdə “dənizçilər”in heyətində hücumçu olaraq ümumilikdə 567 peşəkar oyuna çıxmış Mançini 171 qola imza atıb və hər iki göstəricidə “Sampdoriya”nın rerkordçusudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: