İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Uotford” klubundan İqnasio Pussettonu icarəyə götürüb.
27 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümünün sonuna kimi İtaliya klubunun uğurları üçün çalışacaq. O, bundan əvvəlki son iki mövsümdə İtaliyanın digər klubu “Udineze”də icarədə oynayıb.
İqnasio Pussetto “Uotford”a 2020-ci ildə məhz “Udineze”dən, 8.5 milyon avro qarşılığında transfer olunub. Lakin İngiltərə klubunda cəmi 9 matça çıxmış vinger, ümidləri doğrultmayıb. Bu üzdən də o, yenidən İtaliyaya qayıtmağa qərar verib. Argentinalı futbolçu 2018-2020-ci illər aralığında oynadığı “Udineze”də 50 oyuna 5 qol vurmuşdu. O, vaxtilə öz ölkəsində “Atletiko de Rafaela” və “Hurakan” klublarının da formasını geyinib.
“Sampdoriya” “Verona”nın mərkəz müdafiəçisi Bruno Amioneni də icarəyə götürüb. O da Argentinadandır və mövsümün sonuna kimi bu klubun uğurları üçün çalışacaq. Lakin 20 yaşlı futbolçunun müqaviləsində satınalma şərti də var. Peşəkar karyerasına “Belqrano”da başlamış Bruno, 2020-ci ildən “Verona”da çıxış edir. O, ötən mövsümü icarə əsasında “Recina”da keçirib. Müdafiəçi Argentinanın U-16 və U-17 yığmalarında da oynayıb.
“Sampdoriya” öz müdafiəçisi Fabio Depaolini də “Verona”ya icarəyə verib. 25 yaşlı universal futbolçu həm müdafiənin mərkəzində və sağında, həm də dayaq yarımmüdafiəçisi kimi oynaya bilir. İtaliyalı oyunçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Peşəkar karyerasına “Kyevo”da başlamış müdafiəçi, icarə əsasında “Atalanta”, “Benevento” kimi komandalarda da oynayıb. “Verona” onu ötən mövsümün ikinci dövrəsində də icarəyə götürmüşdü. Depaoli 2019-cu ildə transfer olunduğu “Sampdoriya”da bütövlükdə 42 matça çıxıb.
“Verona” Depaoli ilə yanaşı, “Torino”dan Simone Verdini, həmçinin Almaniyanın “Ayntraxt” klubundan Aydin Hrustiçi də transfer edib. Avstraliyadan olan Hrustiçin transferi üçün Almaniya klubuna 500 min avro ödənilib. Hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 2020-ci ildən “Ayntraxt”da çıxış edən 26 yaşlı futbolçu, bu komandada 40 oyuna 3 qol vurub. O, daha öncə peşəkar karyerasına başladığı Niderlandın “Qroningen” komandasının uğurları üçün çalışıb. Avstraliya yığmasında 19 oyun keçirmiş yarımmüdafiəçi, 3 qola imza atıb.
Simone Zaza klubsuz qaldı
Simone Verdi isə icarə əsasında bu kluba keçib. “Milan”ın yetirməsi olan futbolçu karyerası ərzində “Yuve Stabiya”, “Empoli”, “Eybar”, “Karpi”, “Bolonya”, “Napoli” kimi klubların da formasını geyinib. “Torino” hücumçunu ötən mövsümün ikinci dövrəsində “Salernitana”ya da icarəyə vermişdi. 30 yaşlı forvard “Torino”da 91 oyuna çıxıb, 6 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya yığmasında da 4 oyun keçirib.
“Torino” mərkəz müdafiəçisi Armando İtsonu da “Montsa”ya icarəyə verib. İtaliyadan olan 30 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. O, 2018-ci ildən oynadığı Turin klubunda 115 oyuna çıxıb, 9 qol və 1 məhsuldar ötürmə müəllifi olub. “Napoli”nin yetirməsi olan müdafiəçi, “Triestina”, “Avelyino” və “Cenoa”da da oynayıb. O, İtaliya millisində də 3 oyuna çıxıb.
“Torino” İtaliya yığmasının digər sabiq üzvü Simone Zaza ilə də yollarını ayırıb. 31 yaşlı hücumçu hazırda azad agentdir və karyerasını hansısa klubda davam etdirib-etdirməyəcəyi bilinmir. “Atalanta”nın yetirməsi olan Zaza, “Sampdoriya”, “Yuve Stabiya”, “Virareccio”, “Askoli”, “Yuventus”, “Sassuolo”, “Vest Hem”, “Valensiya” kimi klublarda da oynayıb. O, 2018-ci ildən formasını geyindiyi Turin klubunda 102 oyuna 20 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Simone İtaliya yığmasında da 18 oyuna 2 qol vurub.
Zazanı yola salan “Torino” əvəzində “Parma”dan Yann Karamonu transfer edib. Fil Dişi Sahilindən olsa da, Fransa vətəndaşlığına malik forvard, Turin təmsilçisi ilə 1+2 illik müqavilə bağlayıb. O, 2019-cu ildən “Parma”nın uğurları üçün çalışırdı və bu komandada 41 oyuna 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümü icarə əsasında Türkiyənin “Fatih Karagümrük” klubunda keçirmiş 24 yaşlı futbolçu, karyerası ərzində “Kan”, “İnter”, “Bordo”nun da formasını geyinib, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.


