Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor” klubuna 2 müddətlik transfer qadağası qoyulub.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Daha öncə FIFA Samsun klubuna transfer qadağası qoymuşdu. Lakin klub bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ünvanlamışdı. CAS FIFA-nı haqlı sayıb və Türkiyə klubunun 2 dönəm üçün transfer qadağasını təsdiqləyib.
Klubun açıqlamasında bunlar qeyd olunub:
“Bildiyiniz kimi, iyul ayında FIFA tərəfindən iki müddətli transfer qadağası ehtiva edən bir qərar klubumuza çatdırıldı. Haqsız transfer qadağası qarşısında vəkillərimizlə birlikdə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etdik. Prosesdə haqlı olduğumuzu sübut etmək üçün İsveçrənin tanınmış və təcrübəli hüquqşünaslarına müraciət etdik. İsveçrəli vəkillərimiz CAS-a bütün lazımi müraciətləri etdilər, beş saatlıq dinləmə də daxil olmaqla, CAS rəsmiləri ilə dəfələrlə görüşdülər.
Haqlı olduğumuz əsas məqam FİFA-nın qərarından əvvəl keçmiş futbolçumuz Arvidas Novikovas və onun hörmətli vəkili ilə qarşılıqlı razılaşmamız idi. FIFA işində qarşı tərəf kimi qələmə verilən keçmiş futbolçumuz və vəkili CAS işində yanımızda olub, bütün ifadələrimizi dinləyib, dəstəkləyiblər. Lakin FIFA bütün bu açıqlamalara və təqdim edilən bütün sübutlara məhəl qoymadı və CAS işində klubumuzu cəzalandırmaq üçün şiddətlə müdafiə etdi. Bunun əsas səbəbi təəssüf ki, Türkiyə klublarının beynəlxalq aləmdə və xüsusilə FİFA və CAS işlərində pis nəticəyə malik olmasıdır.
CAS-ın qərarını bizdən eşitməyinizi istədik. Qərara əsasən, FIFA-nın ədalətsiz cəzası CAS tərəfindən təsdiqlənib. Qarşıdan gələn qış və yay transfer dövrlərində transferlər edə bilməyəcək.
Ədalətsiz qərar nəticəsində FİFA təkcə klubumuza deyil, Türkiyə futboluna da ciddi zərbə vurub. “Samsunspor” Super Liqaya gedən yolda çox çətin şərtlərdən keçdi, amma heç vaxt təslim olmadı. Hazırda klubumuz tarixinin ən çətin günlərindən birini yaşayır. Amma bir-birimizə əvvəlkindən daha çox sığınıb, dəstək olmaqla bu çətinliyin öhdəsindən birlikdə gələcəyik. Klub prezidentimiz cənab Yüksəl Yıldırım klubumuzu və cəmiyyətimizi bu çətin prosesə inteqrasiya etmək üçün lazımi addımları atacaq və bu məsələlərlə bağlı sizə məlumat verəcəyik”.


