Çempionşipdə mübarizə aparan “Sanderlend”in yarımmüdafiəçisi Lyuk O’Nayen öz qayğıkeşliyi və şücaəti ilə diqqət mərkəzinə düşüb.
Arena.az “Sunderland Echo” dərgisinə istinadən məlumat verir ki, O’Nayen çimərlikdə suda boğulmaq üzrə olan iti xilas edib.
Hadisə avqustun 24-ü axşam saatlarında baş verib. Futbolçu üzməkdə çətinlik çəkən və boğulmaq üzrə olan yaşlı labradoru görüb. Sahibəsi aciz heyvanı sudan çıxarmaqda çətinlik çəkdiyi bir məqamda O’Nayen köməyə yetişib və itin döş qəfəsini ovmağa, udduğu suyu çəkib boşaltmağa başlayıb. Az sonra köpək özünə gələrək yenidən nəfəs almağa başlayıb.
Bu əhvalat “Sanderlend”in Çempionşipin 4-cü turu çərçivəsində “Koventri” ilə oyununun başlamasına azca qalmış baş verib. O’Nayen nəcib əməli haqda sussa da, şahidlərin dilindən məlumat sonradan rəsmi təsdiqini tapıb.


