İtaliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali bundan sonra İngiltərənin digər klubu “Tottenhem”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.
“Tottenhem” bu keçid üçün “Nyukasl”a 108 milyon avro ödəyib. İtaliyalı futbolçu yeni klubu ilə 6 illik (2032-ci ilin 30 iyununadək) müqaviləyə imza atıb.
Dayaq yarımmüdafiəçisi 2023-cü ilin iyulunda “Milan”dan “Nyukasl”a 67,1 milyon avroya transfer edilmişdi. “Nyukasl”ın italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var idi.
Tonali “sağsağanlar”ın heyətində bütün yarışlarda 110 oyun keçirib, 10 qol vurub, 10 məhsuldar ötürmə verib.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 32 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


