“Santos” büdcəsinin dörddə birini Neymara xərcləyir

“Santos”un 33 yaşlı braziliyalı ulduzu, hücumçu Neymarın “balıqlarlar”la müqaviləsinin təfərrüatı məlum olub.

Arena.az UOL dərgisinə istinadən məlumat verir ki, “Ney” Braziliya klubunda ayda 3,3 milyon avro məbləğində qazanc götürür.

Neymar sponsorlardan və onun adı ilə satılmış futbol köynəklərindən əldə edilmiş gəlirin 75%-ni alır. Həmçinin “Santos” rəbərliyi ulduz futbolçuya “balıqların” doğma stadionu “Vila Belmiro”da xüsusilə vacib şəxlər üçün üç oturacaq ayırıb. Bundan başqa, “Santos” “Ney” və onun ailə üzvlərinin təyyarələrdə uçuş xərclərini ödəyir, eləcə də dəbdəbəli otellərdə yaşamalarının haqqını verir. Ümumilikdə “qaragün” “Santos” Neymar və onun “var-yoxuna” “balıqlar”ın illik büdcəsinin 25%-ni xərcləyir. Braziliya mətbuatı vurğulayır ki, bu qədər imtiyazlar qarşılığında Neymardan gərəkli kar gəlmir.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış braziliyalı futbolçu cari mövsümdə “balıqlar” üçün 9 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 234 oyun, 139 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda alıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: