Futbol üzrə Fransa milli komandasının və Almaniya çempionu “Bayern”in sağ cinah müdafiəçisi Saşa Boe yenidən sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Boe komandanın son məşqlərindən biri zamanı sıradan çıxıb. 24 yaşlı fubolçu tibbi müayinədən keçib və onun sol diziindəki zədə səbəbindən əməliyyat olunmasına qərar verilib. Artıq əməliyyat keçirmiş futbolçunun bir neçə həftə oynamayacağı qeyd olunur.
Xatırladaq ki, bu il yanvarın 28-də “Bayern” fransalı sağ cinah müdafiəçisi Saşa Boeni “Qalatasaray”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Transfer “Bayern”ə 30 milyon avro müqabilində başa gəlib. Almaniya nəhəngi fransalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Saşa Boe futbola “Romeynvil” klubunda qədəm qoyub. Buradan Parisin “Red Star” klubuna keçib, ardınca isə “Renn”in futbol akademiyasına yol tapıb. Boe elə, “Renn”in heyətində böyük futbolda debüt edib. Daha sonra Saşa “Dijon”da icarədə olub və ardınca “Qalatasaray”a transfer edilib.
Boe cari mövsümdə “Bayern”də 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Onun Münhen klubundakı karyerası bütövlükdə 4 oyun və 1 assistdən ibarətdir.
Saşa Boenin qənimətlər muzeyində “Renn”lə 2018/2019-cu il mövsümündə qazandığı Fransa Kuboku və “Qalatasaray”la Türkiyə çempionluğu (2022/2023 mövsümü) var.
Saşa Boe Fransanın U-17, U-18, U-20 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı sağ cinah müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


