Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun müdafiəçisi Saud Abdulhamid bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
“Canavarlar” 25 yaşlı futbolçunun transferi üçün “Əl-Hilal”a 2,5 milyon avro ödəyiblər. Tərəflər arasında imzalanmış müqavilənin müddəti açıqlanmır. Saud “Roma”nın heyətində A Seriyasında çıxış edəcək ilk səudiyyəli futbolçu kimi tarixə düşəcək. O, yeni komandasının heyətində 12 nömrəli formanı geyinəcək.
Saud Abdulhamid Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yetirməsidir. O, “Əl-Hilal”a 2022-ci ilin yanvarında azad agent kimi keçmişdi. Müdafiənin solunda da oynamağı bacaran sağ cinah müdafiəçisi “Əl-Hilal”ın heyətində bütövlükdə 115 oyuna çıxıb, 5 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.
Saud Səudiyyə Ərəbistanı yığmasında da forma geyinir. O, milli komandanın heyətində 34 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

“Roma”nın mərkəz müdafiəçisi Maraş Kumbulla isə İspaniyanın “Espanyol” klubuna keçib. La Liqa təmsilçisi 24 yaşlı albaniyalı futbolçunu cari mövsümün sonuna kimi icarəyə götürüblər. Gələn yay müdafiəçi 2027-ci ilin 30 iyununa qədər müqaviləsinin olduğu “Roma”ya qayıdacaq.
Maraş Kumbulla “Verona”nın yetirməsidir. “Roma” onu bu klubdan 26,5 milyona transfer edib. Müdafiəçi “canavarlar”ın əsas komandasında 68 oyuna çıxıb, 4 qol vurub. “Roma” Kumbullanı ötən mövsüm “Sassuolo”ya da icarəyə vermişdi. Maraş Albaniya yığmasında 19 oyun keçirib, fərqlənə bilməyib.
Yeri gəlmişkən, “Espanyol” İtaliyanın digər klubu “Napoli”dən hücumçu Valid Şeddiranı da icarəyə götürüb. Mərakeşli forvard da bu mövsümün sonunadək icarədə olacaq.
Şeddira “Napoli”yə 2023-cü ilin avqustunda 7 milyon avro müqabilində “Bari”dən keçib. Amma 26 yaşlı hücumçu Neapol klubunda cəmi 2 oyuna çıxıb. “Mantova”, “Frozinone”, “Arezzo”, “Lekko” kimi klublarda da oynamış Valid, Mərakeş yığmasının heyətində 6 oyun keçirib, 1 assistlə yadda qalıb.


