İngiltərənin Sauthempton şəhərindəki “Sent-Meri” stadionunda “Sauthempton” və “Latsio” arasında yoldaşlıq oyunu keçirilib.
Arena.az məlumat verir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunun 5-ci dəqiqəsində “müqəddəslər”in çilili hücumçu Ben Brereton Dias hesabı açıb. 32-ci dəqiqədə “qartallar”ın argentinalı hücumçusu Valentin Kastelyanos cavab qolunu vurub – 1:1.
İkinci hissənin ortalarında isə meydanda az qala kütləvi dava düşəcəkdi. “Müqəddəslər”in yarımmüdafiəçisi Şi Çarlzın “Latsio”nun italyan hücumçusu Mattia Zakkaniyə qarşlı kobud qayda pozuntusundan və qarşılıqlı söz atışından sonra, “Sauthempton”un argentinalı yarımmüdafiəçisi Karlos Alkaras onun boğazından yapışmış “Latsio”nun müdafiəçisi Alessio Romanyoli ilə mübahisəyə çıxıb. Digər oyunçular da xoşagəlməz məqama müdaxilə ediblər, alovlanmış münaqişənin böyüməsi oyun rəsmiləri tərəfindən önlənib.
Nəticədə Romanyoli və Alkaras birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar.


