İtaliyanın “Kalyari” klubu heyətini iki yeni futbolçu – müdafiəçi Sebastiano Luperto və sol vinger Mattia Feliçi ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Empoli”dən transfer olunmuş Lupertonun keçidi 3,5 milyon avroya başa gəlib. Feliçi isə “Feralpisalo”dan 2 milyon avroya alınıb. Sebastiano “Kalyari” ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. Mattia isə yeni klubu ilə 3+2 illik sözləşmə imzalayıb.
Sebastiano Luperto “Leççe” və “Napoli” klublarının yetirməsidir. İcarə əsasında “Pro Verçelli”, “Empoli”, “Krotone” kimi klublarda oynamış futbolçu ötən ilin yayında 2,5 milyon avro qarşılığında birdəfəlik “Empoli”yə keçmişdi. 27 yaşlı futbolçu İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış müdafiəçiyə əsas millidə debüt şansı verilməyib.
Mattia Feliçi isə “Leççe”nin yetirməsidir. 23 yaşlı sol vinger “Palermo”, “Trisetina” kimi klublarda da forma geyinib.
“Kalyari” hücumçusu Canluka Kontini ilə də yollarını ayırıb. 23 yaşlı italyan forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun bu klubla sözləşməsinin müddəti 2025-ci ilin 30 iyununa bitəcəkdi.
Kontini “Kalyari”nin öz yetirməsidir. “Olbia”, “Leqnaqo” və “Françavilla” kimi klubların da formasını geyinmiş hücumçuya doğma komandasında debüt qismət olmayıb.
“Kalyari”nin sol cinah müdafiəçisi Kristian Travaqlini də “Pro Vatria” klubuna keçib. “Kalyari”nin əsas komandasında debüt şansı qazanmamış müdafiəçi “Olbia”, “Karonneze”, “İnveruno”, “Taranto”, “Feralpisalo” kimi klublarda da forma geyinib.
“Kalyari” mərkəz müdafiəçisi Luici Palomba ilə hücumameyilli yarımmüdafiəçisi Nikolo Kavuotini də icarəyə verib. Palomba “Vis Pezaro”ya, Kavuoti isə “Feralpisalo”ya icarəyə verilib. 21 yaşlı futbolçuların hər ikisinin icarə müddəti 2025-ci ilin 30 iyununa qədərdir.


