“Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyuson Səudiyyə Ərəbistanında at yarışlarından böyük məbləğdə qazanc əldə edib.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, 82 yaşlı Ferqyusonun digər sərmayəçilərlə birlikdə “Spirit Dancer” adlı ayğırının da olduğu at axuru var. Ser Aleks Ər-Riyadda keçirilmiş nüfuzlu yarışın qalibi olub. Beləliklə, Ferqyuson bu qələbə sayəsində təxminən 1,1 milyon avro qazanıb.
Xatırladaq ki, şotland mütəxəssis 1986-2013-cü illərdə mankunianlıları çalışdırıb. Bu müddətdə “Mançester Yunayted” 13 dəfə İngiltərə çempionu olub. Həmçinin “qırmızı şeytanlar” 5 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 10 dəfə İngiltərə Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıblar. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” bütün turnirlərdə 1476 oyun keçiriblər. Ser Aleks Ferqyuson “Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra klub bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.


