“Barselona”nın təcrübəli müdafiəçisi Serci Roberto üçün bu mövsüm kataloniyalıların heyətində sonuncu olacaq.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı 2024-cü ilin iyununda başa çatacaq müqaviləsinin yenilənməyəcəyi ilə razılaşıb.
“Barselona” özünün son illərdəki idman planlaşdırma yolunu davam etdirmək istəyir. Ötən mövsüm Jerar Pike, Jordi Alba və Serxio Busketsin gedişindən sonra, gələn mövsüm Serci Roberto da “Barselona”dan ayrılacaq.
Xatırladaq ki, 31 yaşlı Serci 2013-cü ildən “Barselona”da çıxış edir. O, Kataloniya təmsilçisində bütövlükdə 355 oyun keçirib, 17 qol və 40 məhsuldar ötürmə müəllifi olub. Serci İspaniya milli komandasında da 11 oyuna 1 qol vurub.


