“Barselona”nın keçmiş kapitanı, ispan yarımmüdafiəçi Serci Roberto azad agent qismində “Komo”nun düşərgəsinə keçib.
Arena.az bu barədə “Komo”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Serci Robertonun “Komo”ya keçməsində italyan komandasının ispan çalışdırıcısı Sesk Fabreqasın təşəbbüs sahibi olduğu vurğulanır. Xatırladaq ki, Fabreqas futbolçu ikən “Barselona”da Serci Roberto ilə birlikdə çıxış edib. 32 yaşlı ispan futbolçu yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.
Serci Roberto futbola “Sante-Kreus” klubunda qədəm qoyub, bir müddət sonra Tarraqonanın “Ximnastik” klubuna, oradan isə “Barselona”ya keçib. O, məhz “Barselona”da bir oyunçu kimi püxtələşib, “bluqrana”nın heyətində keçirdiyi 14 il ərzində kapitanlığa qədər yüksəlik.
Roberto “Barselona”nın heyətində ümumilikdə 373 oyuna çıxıb, 19 qol vurub, 43 məhsudar ötürmə verib.
Serci Roberto 2016-cı ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Roberto “Barselona” ilə İspaniya La Liqasının (7 dəfə), İspaniya Kral Kubokunun (6 dəfə), İspaniya Super Kubokunun (5 dəfə), Çempionlar Liqasının (2 dəfə), UEFA Super Kubokunun, FIFA Klub dünya Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Komo” sağ cinah müdafiəçisi Tommazo Kassandronu icarəyə verib. 24 yaşlı italyan futbolçu bu mövsümün sonuna kimi “Katanzaro”da çıxış edəcək. Onun “Komo” ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.
“Bolonya”nın yetirməsi olan Tommazo Kassandro “Novara”, “Çittadella” və “Leççe”də də forma geyinib. 2023-cü ilin yayında “Komo”ya keçmiş futbolçu bu komandanın heyətində 21 oyun keçirib.


