Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının baş məşqçisi, portuqaliyalı mütəxəssis Serjio Konseysao istefaya göndərilib.
Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
51 yaşlı mürəxəssislə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqaviləyə bir il əvvəl xitam verilib.
Konseysao 2025-ci ilin oktyabrından bu komandaya rəhbərlik edirdi. “Əl-İttihad” başa çatmış 2025/2026-cı illər mövsümündə Səudiyyə Ərəbistanı çempionatını 5-ci pillədə başa vurub, ölkə kubokunda yarımfinala, Asiya Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyib.
Klubun yaydığı bəyanatda bildirilib ki, qərar komandanın çıxışlarının ətraflı təhlili və əldə olunan nəticələrin qiymətləndirilməsindən sonra qəbul edilib. Rəhbərlik bu addımın klubun qarşıdakı mərhələdə müəyyən etdiyi məqsəd və vəzifələrin həyata keçirilməsi üçün zəruri olduğunu vurğulayıb.
“Əl-İttihad”ın yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərarını açıqlaması gözlənilir.
Serjio Konseysao daha öncə “Milan”, “Portu”, “Nant”, “Vitoriya” (Gimaraynş), “Braqa”, “Akademika”, “Olhanense” kimi komandaların da baş məşqçisi olub.


