Seru Girassi üçün 9 milyon avro ödədi – Almaniya klubu

Futbol üzrə Qvineya millisinin və Fransanın “Renn” klubunun hücumçusu Seru Girassi Almaniya “Ştutqart”ına transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı forvardın transferi üçün Liqa 1 təmsilçisinə 9 milyon avro ödənilib. “Ştutqart”la hücumçu arasındakı müqavilənin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.

Xatırladaq ki, Seru Girassi 2022-ci ilin sentyabrında “Renn”dən icarə əsasında “Ştutqart”a keçmişdi. O, Bundesliqa təmsilçisində 28 oyuna 14 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Məhz bu məhsuldarlığı səbəbindən klub onun transfer hüquqlarını da almağa qərar verib.

Girassi “Renn”ə 2020-ci ilin avqustunda “Amyen”dən 15 milyon avro qarşılığında keçmişdi. O, bu komandada keçirdiyi 81 oyunda 25 qol və 4 assistlə yadda qalıb. Seru daha öncə “Köln”, “Laval”, “Oser” və “Lill” kimi klubların da formasını geyinib. Hücumçu Qvineya milli komandasında da 5 oyun keçirib.

“Ştutqart” “Herta”nın sol cinah müdafiəçisi Maksimilian Mittelştadtı da transfer edib. Bundesliqa klubu bu keçid üçün qarşı tərəfə 800 min avro ödəyib. 26 yaşlı alman futbolçu ilə də 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Maksimilian Mittelştadt karyerası ərzində yalnız “Herta”da forma geyinib. O, bu komandanın heyətində bütövlükdə 157 oyuna çıxıb. Bu görüşlərdə 4 qol vurmuş müdafiəçi, 19 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniyanın aşağı yaş qrupları üzrə əksər yığmalarında oynamış futbolçu, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: