Futbol üzrə İspaniya yığmasının və “Barselona”nın sabiq yarımmüdafiəçisi Serxi Roberto bundan sonra karyerasını MLS-də davam etdirəcək.
Arena.az xəbər verir ki, 34 yaşlı ispaniyalı futbolçu rəsmi olaraq ABŞ klubu “Los Anceles Qalaksi” klubunun oyunçusu olub.
Bu barədə Kaliforniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli futbolçu ABŞ klubuna azad agent statusunda keçib. Onun son klubu İtaliyanın A Seriyasında çıxış edən “Komo” olub. Roberto müqaviləsinin müddəti başa çatdıqdan sonra bu komandadan ayrılıb.
İspaniyalı futbolçunun “Los Anceles Qalaksi” ilə müqaviləsi 2028-ci ilin iyununun sonuna qədər nəzərdə tutulub. Anlaşmada klubun müqaviləni daha bir mövsüm uzatmaq hüququ da yer alıb.
Serxi Roberto iki il ərzində həmyerlisi Sesk Fabreqasın rəhbərliyi altında “Komo”nun heyətində bütün rəsmi turnirlərdə 37 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Roberto daha çox yetirməsi olduğu “Barselona”dakı çıxışları ilə tanınıb. O, 2006-cı ildən Kataloniya klubunun sistemində yer alıb. İspan futbolçu “Barselona” ilə 2 dəfə Çempionlar Liqasının, 7 dəfə isə İspaniya çempionatının qalibi olub.



