Serxio Buskets rəsmən Lionel Messili “İnter Mayami”də!

Geridə qalan mövsümdə İspaniyanın “Barselona” klubundan ayrılan Serxio Buskets gələcək karyerası ilə bağlı yekun qərarını verib.

Arena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bundan sonra MLS-də çıxış edəcək.

O, ABŞ təmsilçisi “İnter Mayami” ilə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Amma azad agent statusuna malik futbolçunun MLS təmsilçisi ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Serxio Buskets “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2008-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, Kataloniya təmsilçisinin əsas komandasında 722 matça çıxıb və 18 qol, 45 məhsuldar ötürmə ilə yadda qalıb. Buskets “Barselona”nın əsas komandasındakı oyun sayına görə üçüncü pillədə qərarlaşıb. Rekord Lionel Messiyə məxsusdur – 778 oyun. İkinci yerdə isə komandanın indiki baş məşqçisi Xavi qərarlaşıb – 767 oyun.

Buskets həm də “Barselona”da ən çox titul qazanmış futbolçulardan biridir. O, Kataloniya klubu ilə 32 titul qazanıb. Təcrübəli oyunçu 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 9 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Super Kubokunun qalibi olub.

İspaniyalı futbolçu ölkəsinin milli komandasında da xeyli uğurlara imza atıb. O, 2009-cu ilin aprel ayında debüt matçını keçirdiyi İspaniya millisində bütövlükdə 143 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə cəmi 2 qol müəllifi olub. Buskets İspaniya yığmasının heyətində DÇ-2010-un və AÇ-2012-nin qalibi olub.

Sonda onu da bildirək ki, Buskets “İnter Mayami”də keçmiş komanda yoldaşı Lionel Messi ilə birgə çıxış edəcək. Belə ki, ABŞ klubu bir müddət əvvəl PSJ-dən azad agent kimi ayrılmış argentinalı ulduz futbolçunu da heyətinə qatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: