Serxio Qonsales La Liqa klubu ilə müqaviləsini yenilədi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Kadis” klubu baş məşqçisi Serxio Qonsales ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

46 yaşlı ispan mütəxəssis yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa kimi bu komandada qalacaq. O, 2020-ci ilin yanvarından rəhbərlik etdiyi “Kadis”i indiyə qədər 59 matça çıxarıb (17 qələbə, 19 heç-heçə, 23 məğlubiyyət).

Serxio Qonsales daha öncə “Valyadolid” və “Espanyol”da da baş məşqçi kimi çalışıb.

“Kadis” mərkəz müdafiəçisi Rafael Ximenes Xarke (“Fali” ləqəbi ilə tanınır – red.) ilə də yeni müqavilə bağlayıb. 29 yaşlı ispan futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin yayına kimi bu klubda qalacaq. O, 2019-cu ildən formasını geyindiyi “Kadis”də 126 oyuna 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

La Liqa klubunda sol cinah müdafiəçisi Santyaqo Arsamendiya da 3 illik yeni sözləşmə imzalayıb. 25 yaşlı futbolçu müqaviləsini yeniləsə də, “Serro Porteno”ya icarəyə verilib. O, qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Arsamendiya “Kadis”ə 2021-ci ildə məhz “Serro Porteno”dan transfer olunub. O, İspaniya klubunda cəmi 30 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Santyaqo Paraqvay yığmasında 23 oyun keçirib.

“Kadis”də bir yeni futbolçu, iki ayrılıq

Əvəzində “Kadis” Braziliyanın “Santos” klubunun sol cinah müdafiəçisi Lukas Piresi heyətinə cəlb edib. 22 yaşlı braziliyalı futbolçu bir mövsümlük icarəyə götürülüb. “Santos”un öz yetirməsi olan müdafiəçi bu klubun əsas komandasında 69 oyuna çıxıb, 5 məhsuldar ötürmə müəllifi olub.

“Kadis” hücumameyilli yarımmüdafiəçisi Teo Bonqondanı isə Rusiyanın “Spartak” (Moskva) klubuna satıb. La Liqa təmsilçisi bu keçiddən 7 milyon avro qazanıb. O, ötən ilin yayından formasını geyindiyi “Kadis”də 32 oyuan 4 qol vurub, 3 assist edib. Belçikada dünyaya göz açmasına, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynamasına baxmayaraq, Bonqonda ötən ildən Konqo DR yığmasının formasını geyinir. O, milidə 7 oyuna 1 qol vurub. Yarımmüdafiəçi “Genk”, “Sulte Varegem”, “Selta”, “Trabzonspor” kimi klublarda da oynayıb.

“Kadis”in digər vingeri İvan Çapela isə “Eldense”yə keçib. Bu transferin detalları açıqlanmır. 24 yaşlı ispan futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2018-ci ildən heyətində yer aldığı “Kadis”də cəmi 12 matça çıxıb, 1 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: