Serxio Ramos: “Elə şeylər var ki, pulla alınmır”

“Sevilya”nın ispan mərkəz müdafiəçisi Serxio Ramos 18 ildən sonra doğma klubuna qayıtmasından doğan duyğularını paylaşıb.

Arena.az AS dərgisinə istinadən Serxio Ramosun müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Sevilya” mənə hər şeyi verdi. O, məni futbolçu kimi ilk dəfə Primerada oynamağım üçün hazırladı və o vaxtdan içimdə nəsə hiss etdim. Bu rəngləri hiss etdim. Mənə evə qayıtmaq imkanı təklif ediləndə, dövrü başa çatdırmağa görə qayıtmaq istədiyim üçün bunu seçdim. İnsanlara duyduğum bütün sevginin qarşılıqlı bir məqam olduğunu görmək istəyirdim. Bu, mənim üçün unudulmaz bir an idi və karyerasına doğma şəhərdə başlamış hər kəsə tövsiyə edərdim. Hər gündən, hər məşqdən və hər oyundan zövq alıram.

Burada çox yaxın dostlarım, uzun illər klubda tanıdığım insanlar var və qayıdandan sonra onları yenidən tapdım. Belə şeylərdən həzz almaq ruhumu sakitləşdirir. Xaricdə və ya digər komandalarda nə qədər təcrübə qazansanız da, elə şeylər var ki, onları pulla ala bilməzsiniz”, deyə Ramos bildirib.

Serxio Ramos 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçmişdi. Veteran Ramos bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubuna qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşıb və “Sevilya” ilə müddəti 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ümumlikdə Serxio Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.
Cari mövsümdə Ramos “Sevilya”nın heyətində 7 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı Serxio Ramosu 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: