İspaniya La Liqasının 22-ci turunda “Osusuna”ya qarşı oyun (1:1) “Sevilya”nın ispan mərkəz müdafiəçisi Serxio Ramos üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Ramos La Liqa çərçivəsində keçirdiyi oyunların sayında “Barselona”nın argentinalı sabiq ulduzu, hücumçu Lionel Messini geridə qoyub.
Serxio “Osasuna”ya qarşı oyunda 521-ci dəfə La Liqa çərçivəsində meydana çıxıb. “Leo”nun isə La Liqada 520 oyunu var. İndi Ramos bu göstəricidə 2-ci nəticənin sahibidir.
İspaniya La Liqasında ən çox oyun keçirmiş futbolçular isə qapıçı Andoni Subizarreta və yarımmüdafiəçi Xoakindir. Karyerasını başa vurmuş bu futbolçuların hər biri 622 La Liqa oyununda meydana çıxıblar.
Xatırladaq ki, veteran Ramos cari ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubu “Sevilya”ya qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşıb və “Sevilya” ilə müddəti 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Ümumlikdə Serxio Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.
Cari mövsümdə isə Ramos “Sevilya”nın heyətində bütün yarışlarda 22 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı ispan mərkəz müdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


