Serxio Ramos: “Pullar heç vaxt məni kökləməyib”

“Real”ın və PSJ-nin sabiq futbolçusu, ispan müdafiəçi Serxio Ramos doğma klubu “Sevilya”ya qayıdışının səbəbini açıqlayıb.

Arena.az “Mirror” dərgisinə istinadən Serxio Ramosun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mənim daha iki il Parisdə qalmaq imkanım vardı, amma mən istəmədim. Məni pullar yox, həmişə nəbzim və ürəyim kökləyib. Ona görə də nə Ərəbistana, nə də MLS-ə getdim. Transfer pəncərəsinin bitməsinə az qalmış “Sevilya” ilə müqavilə bağlamaq üçün onlara zəng etmək riskini üzərinə götürdüm. Mənim üçün bura qayıtmaq bir arzu idi”, deyə Ramos bildirib.

Xatırladaq ki, veteran futbolçu bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi.

Ümumiyyətlə, Ramos “Sevilya”nın heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 49 oyun keçirib, 3 qol vurub.

Geridə qalmış 2022/2023 mövsümündə Ramos PSJ-nin heyətində 45 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.

Serxio Ramos karyerasının ən məhsuldar dövrünü “Real”da keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. Ramos “kral klubu” ilə 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 37 yaşlı Serxio Ramosu 4,50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: