Sesar Aspilikueta “Çelsi”ni “Atletiko”ya dəyişir

“Çelsi”nin 33 yaşlı İspaniyadan olan cinah müdafiəçisi Sesar Aspilikueta Madrid “Atletiko”su ilə 2 illik müqavilə imzalamağa yaxındır.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, müqavilənin təfərrüatı artıq razılaşdırılıb və sənəd yalnız tərəflərin imzalarını və möhürü gözləyir.

Daha əvvəl məlum olmuşdu ki, “Çelsi” sabiq kapitanına hörmət əlaməti olaraq, klubu azad agent qismində tərk etməyə icazə verib.

Sesar Aspilikueta 2012-ci ildən “Çelsi”də çıxış edir. 2022/2023 mövsümündə o, London klubunun heyətində 32 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ümumilikdə Aspilikuetanın “zadəganlar”ın heyətində çıxışının mənzərəsi belədir: 508 oyun, 17 qol, 56 məhsuldar ötürmə.

Aspilikuetanın “Çelsi” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Sesar Aspilikuetanı 5 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Aspilikueta ilə Milan “İnter”i arasında müqavilənin şəxsi şərtləri ilə bağlı razılıq əldə olunduğu barədə məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: