Sesk Fabreqas İtaliya Futbolçular Assosiasiyasının versiyasına görə, A Seriyasında 2025/26 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
Arena.az xəbər verir ki, “Komo”nun baş məşqçisi olan 39 yaşlı ispaniyalı mütəxəssisin birinci olduğu sorğunun qalibi futbolçular arasında səsvermə ilə müəyyənləşdirilib.
Mükafatlandırma mərasimi Milanın “La Skala” teatrında təşkil olunub.
Mövsümün ən yaxşı futbolçusu “İnter”in müdafiəçisi Federiko Dimarko, ən yaxşı klubu isə “İnter” seçilib. “Komo”nun yarımmüdafiəçisi Niko Pas ən yaxşı gənc oyunçu mükafatına layiq görülüb. “Yuventus”un futbolçusu Fransisko Konseysao da ən gözəl qolun müəllifi adını qazanıb.
İtaliya A Seriyasında 2026/2027-ci illər mövsümünün rəmzi komandasında isə bu futbolçular yer alıblar:
Mile Svilar (“Roma”), Marko Palestra (“Empoli”), Alessandro Bastoni, Manuel Akanji, Federiko Dimarko, Hakan Çalhanoğlu (hamısı “İnter”), Skott Maktominey (“Napoli”), Luka Modriç (“Milan”), Niko Pas (“Komo”), Lautaro Martines (“İnter”) və Doniell Malen (“Roma”).
Xatırladaq ki, Sesk Fabreqas 2024-cü ildən “Komo”ya rəhbərlik edir. Ötən mövsüm 71 xal toplamış komanda İtaliya A Seriyasında 4-cü yeri tutub və tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.


