Bu yay “Monako”dan ayrılan Sesk Fabreqas özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra İtaliyanın B Seriyasında mübarizə aparan “Komo”da forma geyinəcək.
Bu barədə ispaniyalı oyunçunun yeni klubu məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. O, yeni komandasında 4 nömrəli formanı geyinəcək. Fransa klubundan azad agent kimi ayrılan futbolçuya görə İtaliya klubu heç bir təzminat ödəməyib.
Fabreqas geridə qalan mövsümdə “Monako”nun heyətində cəmi 5 oyunda meydana çıxıb. Onun az forma şansı qazanmasına zədədən əziyyət çəkməsi səbəb olub. Hətta bu zədəyə görə Fabreqasın karyerasını bitirməyə hazırlaşdığı iddia olunurdu.
Sesk Fabreqas 2019-cu ilin yanvarından “Monako”da çıxış edirdi. O, knyazlıq təmsilçisinin heyətində bütövlükdə 68 matça çıxıb və 4 qola imza atıb. Yarımmüdafiəçi əvvəllər “Arsenal”, “Barselona” və “Çelsi” kimi nəhəng klublarda çıxış edib. İspaniya yığmasında 110 oyun keçirmiş Sesk, 115 qola imza atıb.
Sonda təcrübəli futbolçunun forma geyindiyi komandalarla qazandığı titulların siyahısını təqdim edirik:
Arsenal
İngiltərə Federasiya Kuboku: 2004/05
İngiltərə Super Kuboku: 2004
Barselona
İspaniya La Liqası: 2012/13
İspaniya kuboku: 2011/12
İspaniya Super Kuboku: 2011, 2013
UEFA Super Kuboku: 2011
FIFA klublararası dünya çempionatı: 2011
Çelsi
İngiltərə Premyer Liqası: 2014/15, 2016/17
İngiltərə Federasiya Kuboku: 2017/18
İngiltərə Liqa Kuboku: 2014/15
Avropa Liqası: 2018/19
İspaniya millisi
Dünya çempionatı: 2010
Avropa çempionatı: 2008, 2012


