“Sevilya” azarkeşləri etiraz aksiyası keçirdilər

Yüzə yaxın “Sevilya” azarkeşi etiraza çıxıb və bununla da Əndəlus klubunun hazırkı rəhbərliyindən narazılıqlarını bildiriblər.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, azarkeşlər klubun səhmdarlarının iclasının keçirildiyi otelin yaxınlığında toplaşaraq “Rəhbərlik istefaya getsin!” şüarını səsləndiriblər. Onlar həmçinin 2013-cü ildən “Sevilya”nın prezidentlərindən biri olan Xorxe Kastroya müraciətlə “Kastro, pullar haradadır?” deyə, sual ediblər. Fanatlar həmçinin “Klub axınla üzür, “Sevilya”dan rədd olun” sözləri yazılmış lövhələr nümayiş etdiriblər. Etiraz tədbirinin qalmaqalsız və həbssiz keçdiyi vurğulanır.

Xatırladaq ki, 21-ci əsrdə ən uğurlu klublardan biri olan “Sevilya” hazırda ağır oyun böhranı yaşayır. Əndəlus nəhəngi İspaniya La Liqasında 14 turundan sonra 13 xal toplayıb və hazırda çempionatın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında isə komanda qrupdan çıxmağı bacarmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: