“Sevilya” ev stadionu “Ramon Sançes Pisxuan”ı yenidən quracaq

İspaniya La Liqasının təmsilçisi “Sevilya” klubun məşhur ev stadionu “Ramon Sançes Pisxuan”ı təmir etməyi planlaşdırdığını açıqlayıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

Səhmdarların səs-küylü iclası zamanı bu məqam “Sevilya” üçün bir neçə müsbət cəhətdən biri kimi əlamətdar olub. Əsas səhmdar Xose Mariya del Nido Benavente layihə ilə razılaşmadığını açıq şəkildə bildirməsinə rəğmən, stadionun yenidən qurulması ilə bağlı planın qəbul edilməsi mümkün olub.

Stadionda yenidənqurma işləri 2026-cı ildə başlayacaq və təmir işləri təxminən 2 il çəkəcək. Bu müddətdə “Sevilya”nın öz ev oyunlarını harada qəbul edəcəyi məsələsi hələ açıq olaraq qalır. Müvafiq məsələ həllini növbəti iclaslarda tapacaq. Köçmək lazım gələrsə, şübhəsiz ki, “Sevilya” La Liqanın dəstəyini almış olacaq. İlkin ehtimala görə, Əndəlus klubu İspaniya yığmasının oyunlarına və Kral Kubokunun finalına ev sahibliyi etmiş “La Kartuxa” stadionundan istifadə etmək üçün razılıq əldə edə bilər.

“Yeni “Ramon Sançes Pisxuan”a xoş gəlmisiniz. “Sevilyaçılar”ın yeni evi olan yeni stadionumuza xoş gəlmisiniz” – layihənin başlanğıc şüarında səslənir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: