“Sevilya”nın sabiq prezidenti və əsas səhmdarı Xose Mariya del Nido Benavente klubun hazırkı rəhbərliyini təqsirləndirib.
Arena.az məlumat verir ki, klub rəhbərlərindən biri, məhz Benaventenin oğlu olan Xose Mariya del Nido Karraskodur.
Ata Benavente öz oğlunu savadsız idarəetmə qərarlarına görə tənqid edib.
“Oğlumun klubda etdiyi yeganə şey maaşını artırmaqdır. O, istədiyini edir. Onun cəmi 161 payı var, məndə isə 27 min, amma istədiyini edir.
Məşhur bir deyim var: “Valideynlər, uşaqlar, qardaşlar və bacılar arasında heç bir işgüzar münasibət ola bilməz”. Bu vəziyyətdə ən çox əziyyət çəkən mənəm. Bu, kədərli tamaşadır, mənim irsimə ədalətsiz yanaşılır”, – “Sport.es” dərgisi Böyük Benaventenin sözlərindən sitat gətirir.
Xatırladaq ki, Xose Maria del Nido Benavente 2002-2013-cü illərdə “Sevilya”nın prezidenti olub. Onun idarəçiliyi dövründə Əndəlus klubu 2 dəfə UEFA Kubokunun (2005/2006, 2006/2007), Avropa Super Kubokunun (2006/2007), 2 dəfə İspaniya Kubokunun (2006/2007, 2009/2010), həmçinin bir dəfə İspaniya Super Kubokunun (2007/2008) qalibi olub.
Hazırda isə “Sevilya” ağır böhran yaşayır.
La Liqanın 14 turundan sonra 13 xalı olan “Sevilya” çempionatın turnir cədvəlində 15-ci pillədədir. Əndəluslular Çempionlar Liqasının ələmə mərhələsinə imkanlarından məhrum olublar və Avropa Liqasına düşməyə ümidlidirlər. Mövsümə yüksək hədəflərə iddiası ilə başlamış “Sevilya” gözlənilmədən mövsümü boşa verib.
Dekabrın əvvəlində “Sevilya”nın azarkeşləri rəhbərliyinin istefası tələbi ilə etiraz tədbiri keçiriblər.


