“İnter”in baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi aprel ayında İtaliya A Seriyasının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Aprel ayında Simone İnzaqinin “neradzurri”si mümkün 15 xaldan 13 xal toplayıb. “İnter” Milan derbisində əzəli rəqibi “Milan” üzərində qələbə qazanmaqla, 20-ci çempionluğunu rəsmiləşdirib.
“İnter”i uğurla çalışdıran İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İtalyan mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 156 oyun, 104 qələbə, 26 heç-heçə, 26 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 310:131 nisbətindədir.
İtalyan mütəxəssis “İnter”ə cari mövsüm İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu, 3 dəfə isə İtaliya Super Kubokunu qazandırıb. Ötən mövsüm isə Simone İnzaqinin “İnter”i Çempionlar Liqasının finalında oyun zəkası və fəaliyyəti baxımından üstün olduğu bir mübarizədə Xosep Qvardiolanın “Mançester Siti”sinə 0:1 hesabı məğlub olaraq, gümüş medalla kifayətlənib.
Sonda onu da vurğulayaq ki, bu mükafat 48 yaşlı italyan mütəxəssisin cari mövsümdə 3-cü müvafiq mükafatıdır. İnzaqi daha əvvəl oktyabr və yanvar aylarında ayın ən yaxşı məşqçisi seçilmişdi.
2023/2024 mövsümünün əvvəlki aylarında ayın ən yaxşısı seçilmiş məşqçilərin siyahısını təqdim edirik:
Avqust 2023 – Roberto Daversa (“Leççe”)
Sentyabr 2023 – Alessio Dionisi (“Sassuolo”)
Oktyabr 2023 – Simone İnzaqi (“İnter”)
Noyabr 2023 – Massimiliano Alleqri (“Yuventus”)
Dekabr 2023 – Vinçentso İtalyano (“Fiorentina”)
Yanvar 2024 – Simone İnzaqi (“İnter”)
Fevral 2024 – Tyaqo Motta (“Bolonya”)
Mart 2024 – Tyaqo Motta (“Bolonya”)


