İtaliya Super Kubokunun finalında “Napoli” üzərində qələbə (1:0) “İnter”in baş məşqçisi Simone İnzaqi üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, italyan mütəxəssis “İnter”in sükanı arxasında olduğu 3 mövsüm ərzində “neradzurri” ilə 5-ci qənimətini qazanıb.
Buna qədər İnzaqi “İnter”lə 2 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku qazanmışdı.
Bu qalibiyyət sayəsində İnzaqi “İnter”in sükanı arxasında İtaliya Super Kubokunu ən çox – 3 dəfə (2021, 2022, 2023) qazanmış məşqçi olub. İnzaqi “neradzurri”nin sabiq çalışdırıcısı Roberto Mançininin nəticəsini (2 dəfə) geridə qoyub.
Həmçinin Simone İnzaqi ümumiyyətlə İtaliya Super Kubokunu ən çox qazanmış məşqçi kimi rekord müyyənləşdirib. İnzaqi 5-ci dəfə İtaliya Super Kubokunun qalibi olmaqla, bu qəniməti hərəyə 4 dəfə əldə etmiş məşhur italyan mütəxəssislər – Fabio Kapello və Marçello Lippinin nəticələrini geridə qoyub. “İnter”ə qədər İnzaqi “Latsio” ilə 2 dəfə (2017, 2019) İtaliya Super Kubokunda qalibiyyət əldə etmişdi.
Simone İnzaqi “İnter”i 2021-ci ilin iyunundan çalışdırır. İtalyan mütəxəssisin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. 47 yaşlı mütəxəssis 2023-cü ilin yekunlarına görə “FIFA İlin məşqçisi” təqdimatında 3-cü yerə layiq görülüb.
Simone İnzaqinin rəhbərliyi altında “İnter” cari mövümdə İtaliya Kubokunda mübarizəsini dayandırsa da, İtaliya A Seriyasında uğurla çempionluq iddiasını sürdürür, həmçinin Çempionlar Liqasında mübarizəsini davam etdirir.


