Futbol üzrə İtaliya A Seriyasının cari çempionu “Napoli” “Verona”nın belçikalı sağ vingeri Siril Nqonqe ilə güclənib.
Arena.az bu barədə Neapol klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Sözügedən klub Nqonqeni tamhüquqlu əsasda heyətinə qatdığını bildirib. Transfer Neapol klubuna 18 milyon avro məbləğində başa gəlib. Müqavilənin müddəti haqda məlumat hələ açıqlanmayıb.
Siril Nqonqe “Brügge”nin yetirməsidir. Siril karyerası ərzində PSV, “Valveyk”, “Qroningen” və “Verona”da oynayıb.
Cari mövsümün ilk yarısında Nqonqe “Verona”nın heyətində 21 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. O, 2023-cü ilin yanvarından formasını geyindiyi İtaliya klubunda bütövlükdə 36 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Siril Nqonqe Belçikanın əsas yığmasında hələ debüt etməsə də, U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında oyun təcrübəsinə malikdir. Siril U-21 yığmasına da dəvət alıb, amma meydana çıxmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı belçikalı vingerin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


