Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov İsveçrə yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, milli komandamız bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda doğma meydanda İsveçrə yığması ilə qarşılaşıb.
Oyun komandamız üçün uğursuz alınıb. Belə ki, İsveçrə yığmasının 4 cavabsız qola sevindiyi oyunda millimiz ağır məğlubiyyətə üzülüb.
Matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında darmadağına belə şərh verib:
“Oyunun çətin olacağını gözləyirdik. Rəqibi təhlil etmişdik və İsveçrə millisinin oyun keyfiyyətlərini bilirdik. Görünən odur ki, keyfiyyət öz sözünü deyir. Buna baxmayaraq, komandam vuruşdu. Düzdür, bəzi komponentlərdə geri qalırıq. Bizə hələ ki, vaxt lazımdır.
Doğma meydanda amilindən istifadə etmək istəyirdik, amma olmadı. Bizi ən çox məyus edən hesabın belə olmasıdır. Hesabın belə olacağını gözləmirdik. Rəqib bizi səhvlərə məcbur etdi. İsveçrə millisi oyunun tempini çox qaldırmışdı. Macarıstanla oyunda da temp yüksək idi. Orada da futbolçular var güclərini sərf etmişdilər. Həm də komanda uzaq yol qət etmişdi. Yorğunluq hiss olunurdu. Bundan sonra səhvlərin üzərində işləmək və önümüzə baxmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan milli komandası AÇ-2025-in seçmə mərhələsindəki növbəti oyununu Türkiyə yığmasına qarşı keçirəcək.Hansı ki, qardaş ölkə millisi bu gün doğma meydanda Macarıstan yığmasını sınağa çəkəcə. Millimiz ilk turda Macarıstanla bərabərə qalmışdı – 1:1.


