Siyasət Əsgərov: “Bu oyunda qələbə bizim üçün çox önəmli idi”

Qadın futbolçulardan ibarət Azərbaycan millisininn baş məşqçisi Siyasət Əsgərov Monteneqroya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqası çərçivəsində bu gün Bakıda keçirilmiş Monteneqro ilə ev oyununda 3:0 hesablı qələbəyə sevinib.

Oyundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov bunları söyləyib:

“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq. İkinci hissənin əvvəlində oyunumuzda bir qədər eniş oldu. Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bu zaman rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.

Xatırladaq ki, Azərbaycanın qadın futbolçulardan ibarət yığma komandası dörd turdan sonra 10 xalla qrup lideridir. Millimiz növbəti matçını səfərdə Kipr yığmasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: