Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Macarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, milli komandamız ötən gecə Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda səfərdə Macarıstan yığması ilə qarşılaşıb.
Oyunda hesabı meydan sahibləri açsa da, komandamız yekunda məğlubiyyətdən xilas olmağı bacarıb və seçmə mərhələyə 1 xalla başlayıb. Matçdan sonra milli komandanın baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında heç-heçəyə belə şərh verib:
“Bildirmişdim ki, ilk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi oyunumuzla bu qarşılaşma arasında çox vaxt keçmişdi. Toplanış keçə bilməmişdik. Rəqib çox güclü kollektiv idi. Macarıstan yığması ötən mövsüm UEFA Millətlər Liqasının A divizionunun bir addımlığında idi, pley-off mərhələsinə yüksəlmişdilər. Lakin bu mərhələdə məğlub olaraq B Liqasına düşdülər. Bir sözlə, həm futbolçularının keyfiyyətinə, həm də komanda oyununa görə üst səviyyəli kollektivdir.
Komandamızın oyununa gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, futbolçular özlərində güc tapdılar, xarakter göstərdilər və bərabərlik qolunu vudular. Əzmkarlıq nümayiş etdirərək, sonadək hesabı qoruyub saxlaya bildik. Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq. Komandamı təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan milli komandası AÇ-2025-in seçmə mərhələsindəki növbəti oyununu İsveçrə yığmasına qarşı keçirəcək. Aprelin 9-da “Dalğa Arena”da baş tutacaq bu qarşılaşmaya saat 16:00-da start veriləcək.


