Siyasət Əsgərov: “Rəqibin üstün və zəif cəhətlərini bilirdik”

Qadın futbolçulardan ibarət Azərbaycan millisininn baş məşqçisi Siyasət Əsgərov Farer adalarına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, yığmamız qadın futbolçulardan ibarət komandalar arasında UEFA Millətlər Liqası çərçivəsində bu gün Klaksvik şəhərində keçirilmiş Farer adaları ilə səfər oyununda 2:1 hesablı qələbəyə sevinib.

Oyundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov bunları söyləyib:

“Oyunun gərgin keçəcəyini bilirdik. Qrupda yer alan bütün komandaların matçlarını izləyib təhlillər aparmışıq. Farer adaları yığması keçirdiyi bütün oyunlarda məğlub olsa da, digər komandalardan çox fərqlənmir. Çox yaxşı, təşkilatlanmış komandadır. Rəqibin üstün və zəif cəhətlərini bilirdik. Komanda olaraq oyuna yaxşı başladıq. İlk hissədə qol vurduq, hissəni istədiyimiz kimi tamamladıq. Bilirdik ki, qol vursaq rəqib boşluqlar buraxacaq. Oyun planımız da məhz bu idi ki, ikinci hissədə o boşluqlardan maksimum istifadə edək. Həm əsas heyət, həm də oyuna sonradan daxil olan futbolçular nə tapşırmışdıqsa, maksimum yerinə yetirməyə çalışdılar. Keçirdiyimiz son üç oyunda istək və xarakter nümayiş etdirən qızlarımıza təşəkkür edirəm. Sona qədər mübarizə aparırlar və bunun nəticəsini görürlər.

Üç gündən sonra evdə Monteneqro yığması ilə vacib oyunumuz var. Bizim üçün finala bərabər oyun olacaq. O qarşılaşmadan da istədiyimiz nəticə ilə ayrılsaq, qrupdan çıxmaq şansımız xeyli yüksələcək”.

Xatırladaq ki, Azərbaycanın qadın futbolçulardan ibarət yığma komandası üç turdan sonra 7 xalla qrup lideridir. Millimiz növbəti matçını Bakıda Monteneqro yığmasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: