Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı bu gün keçiriləcək oyunla bağlı fikirlərini paylaşıb.
Siyasət Əsgərov Litva ilə oyunun önəminin çox böyük olduğunu vurğulayıb:
“Litvaya qarşı çox önəmli oyuna çıxacağıq. Ardıcıl iki səfər matçı keçirəcəyik. Dörd gün sonra Monteneqro kollektivinin qonağı olacaq. Ancaq indi bütün diqqətimizi Litva ilə qarşılaşmaya yönəltmişik. Litva ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü oyunun önəmi çox böyükdür. Bəzi itkilərimiz olsa da, komandaya cəlb olunan futbolçuların bu boşluğu dolduracaqlarına inanıram. Düşərgədə ab-hava yüksəkdir, heyətdə yer alan oyunçuların heç birinin zədəsi yoxdur. Rəqibi təhlil etmişik, zəif və üstün cəhətlərini bilirik. Məşq proseslərini də buna uyğun qurmuşduq. Rəqibi səhv buraxmağa məcbur edə bilsək, istədiyimiz nəticəni qazanacağıq”.
Qeyd edək ki, Vilnüsdəki “Jalgiris” stadionunda keçiriləcək Litva – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.


