Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Rusiya yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, Soçi şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində baş tutan bu oyun millimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verən Siyasət Əsgərov komandasının çıxışından razılıq bildirib:
“Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi. İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi. Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik və adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 28-də və dekabrın 2-də keçirilən hər iki görüşdə Rusiya yığmasına oxşar hesabla (0:2) məğlub olub.


