Azərbaycanın qadın futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komandanı bundan sonra Əsgərovun köməkçisi Cumali Enginar çalışdıracaq. Klub azərbaycanlı mütəxəssisə əməyinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Fomget” Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Super Liqasının son mövsümünün çempionu olub. Bu mövsüm isə komanda ilk dövrədən sonra 29 xalla 3-cü pillədə qərarlaşıb. “Fomget” keçirdiyi 14 oyunda 9 qələbə qazanıb, 2 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb.
Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə yenidən MOİK-in əvəzedici heyətində baş məşqçi olub. 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçilik etmiş Əsgərov, 2013-cü ildən etibarən isə 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi fəaliyyət göstərib. 2018-ci ildən etibarən isə 36 yaşlı mütəxəssis Azərbaycanın əsas milli komandasına rəhbərlik edir.


