Skott Parker qovuldu – 0:9 hesablı məğlubiyyətə görə

İngiltərənin “Bornmut” klubu baş məşqçisi Skott Parker ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

41 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub. Belə ki, 1-ci turda “Aston Villa”ya 2 cavabsız qolla qalib gələn “Bornmut” növbəti matçlarda “Mançester Siti”yə 0:4, “Arsenal”a 0:3, son turda isə “Liverpul”a 0:9 hesabı ilə uduzub. Məhz bu darmadağınların ardından klub rəhbərliyi gənc mütəxəssisin istefası barədə qərar qəbul edib.

Xatırladaq ki, Skott Parker 2021-ci ilin iyunundan bu komandaya rəhbərlik edirdi. Sözügedən komanda bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 55 matçda 28 qələbə qazanıb, 14 heç-heçə edib və 13 məğlubiyyətə üzülüb. İngiltərə millisinin sabiq üzvü daha öncə 2019-2021-ci illər aralığında “Fulhem”i çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: