Solbakken: “Futbolçular xarakter göstərib oyunu qırdılar”

Futbol üzrə Norveç milli komandasının baş məşqçisi Stol Solbakken DÇ-2026-nın 1/16 finalında Kot-d’İvuara qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:1 hesablı tarixi qələbədən sonra komandasının xarakterini xüsusi vurğulayıb.

Skandinaviya təmsilçisi qarşılaşmanın sonlarında vurduğu qolla XXI əsrdə ilk dəfə dünya çempionatının ən güclü 16 komandası sırasına yüksəlib.

Stol Solbakken matçın kifayət qədər gərgin keçdiyini bildirib:

“Oyun bərabər və qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki komandanın qol imkanları var idi. Düzünü desəm, standart vəziyyətlərdən qol vura bilməməyimiz mənim üçün möcüzədir. Bununla belə, həlledici məqamlarda rəqibdən bir qədər üstün idik”.

Baş məşqçi futbolçularının buraxılan qoldan sonra reaksiyasını yüksək qiymətləndirib:

“Ən çox qürur duyduğum məqam komandanın hesab bərabərləşəndən sonra reaksiyası oldu. Uşaqlar ruhdan düşmədilər, xarakter göstərdilər və sonda qələbəni qazandılar”.

Solbakken 1/8 finalda Braziliyaya qarşı keçiriləcək oyun barədə danışmaq istəmədiyini də bildirib:

“Hazırda Braziliya haqqında düşünmək belə istəmirəm. Bu gün sadəcə nəfəs almalı və bu tarixi uğurun sevincini yaşamalıyıq. Futbolçular meydanda bütün güclərini qoydular və bunu qeyd etməyə layiqdirlər. Braziliya ilə Nyu-Yorkdakı qarşılaşma əlbəttə ki, möhtəşəm olacaq”.

“Nəticə çox üzücüdür”

Kot-d’İvuar millisinin baş məşqçisi Emers Fae isə komandasının son dəqiqələrdə buraxdığı qoldan sonra mundialla vidalaşmasına baxmayaraq, futbolçularından razı qaldığını söyləyib:

“Bu futboldur. Yaratdığın fürsətlərdən istifadə etməlisən. Hesabı bərabərləşdirmək ən çətin hissə idi, amma təəssüf ki, oyunun sonunda qapımızda qol gördük. Nəticə çox üzücüdür”.

Fae futbolçuların sonadək mübarizə apardığını vurğulayıb:

“Oyunçulara heç bir iradım yoxdur. Onlar son fitədək bütün güclərini ortaya qoydular. Qarşımızda enerjili, nizam-intizamlı müdafiə olunan və bunu nəticəyə çevirən güclü komanda var idi”.

Mütəxəssis dünya çempionatında qazanılan təcrübənin gələcək üçün vacib olduğunu bildirib:

“Belə yüksək səviyyədə hər şeyi xırda detallar həll edir. İlk saniyədən son saniyəyədək diqqətli olmalısan. Futbolçularımızın hamısı ilk dəfə dünya çempionatında çıxış edirdi. Bu turnirdə böyük təcrübə qazandılar. Səhvlərimizi təhlil edəcəyik və növbəti böyük sınaqlara daha güclü qayıdacağıq”.

Qeyd edək ki, Norveç millisi 1/8 finalda beşqat dünya çempionu Braziliya ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: