Spalletti Albaniya yığması üzərində əzmkar qələbəni şərh etdi

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Albaniya yığması üzərində qələbəni şərh edib.

Arena.az xatırladır ki, Albaniya yığması oyunun 23-cü saniyəsəində qol vuraraq Avropa çempionatlarının tarixi rekordunu müəyyənləşdirsə də, “skuadra adzurra” daha vacib olanı – qələbəni qazana bilib – 2:1.

“Bu gün meydanda çox yaxşı məqamlar gördük, amma bunlar bizi harasa aparmalıdır, əks halda mənasızdır. Rəqibi bir neçə dəfə cəzalandırmaq imkanımız oldu, amma bacarmadıq. Oyunumuzu yaxşı qururduq, amma sonra hər şeyi… arxaya ötürmə ilə yarımçıq saxlayırdıq. Hücumun xeyrinə düzgün qərar vermək gərək olanda fikrimizi çox tez dəyişirdik.

İtaliya yığması Barelladan çox asılıdır? Yığma komandanın 26 güclü futbolçusu olduğu üçün kimsədən asılı olmadan keçinməyi bacarmalıdır. Bir şəxsdən asılı komanda fikrini bəyənmirəm”, – “RAI Sport” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Vurğulayaq ki, İtaliya yığması cari Avropa çempionu adını daşıyır.

1-ci turdan sonra İtaliya yığması “B” qrupunda 3 xalla 2-ci yerdə qərarlaşıb. Eyni miqdarda xal toplamış, daha yaxşı top fərqinə malik İspaniya yığması qrupun lideridir. Albaniya və Xorvatiya yığmaları isə xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: