İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti UEFA Millətlər Liqasında Almaniya yığması ilə oyunlardan gözləntisini açıqlayıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq fikrini təqdim edir:
“Mən azacıq gərginəm. Amma çox da narahat deyiləm, çünki öz oyunçularıma çatdırmaq istəyirəm ki, oyunun nəticəsi bizim oyuna nə verdiyimizdən asılıdır. Qorxu – sadəcə olaraq təsadüfi duyğudur. Təhlükə – bu, nəsə fərqli bir xüsusdur. Bu, müəyyən məqamda peyda olur”, deyə Spalletti adlı-sanlı rəqibdən çəkinmədiyini başa düşməyə əsas verib.
Xatırladaq ki, UEFA Millətlər Liqasının 1/4 finalının ilk görüşü çərçivəsindəki İtaliya – Almaniya oyunu martın 20-də Milanda baş tutacaq. Cavab oyunu isə martın 23-də Dortmunda keçiriləcək. Hakim hər iki oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.


