İtaliya millisinin baş məşqçisi Luçano Spalletti UEFA Millətlər Liqasının 6-cı turunda Fransa yığmasına ev məğlubiyyətinə aydınlıq gətirib.
Arena.az xatırladır ki, “skuadra adzurra” “Cüzeppe Meatsa”da “xoruzlar”a 1:3 hesabı ilə məğlub olaraq, qrup liderliyini əldən verib.
“Hər şey daha sakit keçə bilərdi, amma künc zərbəsindən dərhal sonra qol buraxdıq. Oyun bərabər keçdi və biz geri-dönüş edə biləcəyimizi hiss etdik, amma yenə də standart vəziyyətdən qol buraxdıq. Sonra Fransa yığması qapandı, bundan sonra boş məkan tapmaq çətin oldu. Əsas fəsadlardan biri odur ki, biz topa daha yaxşı nəzarət etməliydik”, – deyə Spalletti matçdan sonrakı mətbuat konfransında bildirib.
UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun yarış cədvəlinin yekun sıralamasında Fransa yığması eyni miqdarda, 13 xal toplamış İtaliya millisini əlavə göstəricilər üzrə qabaqlayaraq, zirvədə qərarlaşıb. Hər iki komanda yarışın 1/4 final mərhələsinə vəsiqə qazanıb.


