Stefan El-Şaaravi qaldı, Karles Peres satıldı

İtaliyanın “Roma” klubu komandanın sol cinah yarımmüdafiəçisi Stefan El-Şaaravi ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 30 yaşlı vingerlə yeni anlaşma 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. El-Şaaravinin “Roma” ilə əvvəlki anlaşması bu ilin iyun ayının sonuna kimi hesablanmışdı.

El-Şaaravi 2015-2019 illərdə də “Roma”da çıxış etmiş futbolçu 2021-ci ilin yanvarında yenidən bu kluba qayıdıb. 2022/2023 mövsümündə El-Şaaravi “canavarlar”ın heyətində 42 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun paytaxt klubunda karyerası bütövlükdə 231 oyun, 58 qol və 32 assistdən ibarətdir.

İtaliyalı vinger karyerası ərzində “Cenoa”, “Padova”, “Milan”, “Monako” və “Şanxay Şenhua” kimi klublarda da forma geyinib. O, İtaliya millisində keçirdiyi 29 oyunda 6 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı El-Şaaravini 5 milyon avro məbləğində qiymətləndirir.

“Roma” İspaniyadan olan yarımmüdafiəçisi Karles Peresi də “Selta”ya satıb. 25 yaşlı vinger 2022-ci ilin avqustunda icarə əsasında La Liqa klubuna keçmişdi. İspanlar futbolçunun çıxışından razı qaldıqları üçün 5,2 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıblar. Onunla 4 illik müqavilə imzalanıb. “Selta” bu futbolçunun bir illik icarəsi üçün də 1 milyon avro ödəmişdi. “Barselona”nın yetirməsi olan Karles Peres “Roma”da 76 oyuna 8 qol və 7 assistlə yadda qalıb. O, “Selta”da da 38 oyuna 5 qol vurub, 6 assist müəllifi olub.

Yeri gəlmişkən, “Selta” da iki futbolçusu ilə vidalaşıb. La Liqa təmsilçisi Meksikadan olan yarımmüdafiəçisi Orbelin Pinedanı Afina AEK-inə satıb. Yunanıstan klubu bu transfer üçün ispanlara 6,5 milyon avro ödəyiblər. Meksika yığmasında 56 oyuna 8 qol vurmuş 27 yaşlı yarımmüdafiəçi “Selta”da cəmi 7 matç keçirib.

“Selta”nın 22 yaşlı gənc hücumçusu Xulen Lobete isə “Andorra” klubuna 1 illik icarəyə verilib. 22 yaşlı ispan hücumçu daha öncə “Real Sosyedad” və “Valveyk”də də forma geyinib, İspaniyanın U-21 yığmasında oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: