Stefano Pioli yenidən “Fiorentina”da – Rəsmi

Bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılmış Stefano Pioli gözlənildiyi kimi, “Fiorentina”ya qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssis köhnə-yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Stefano Pioli ötən ilin sentyabrında “Əl-Nəsr”ə baş məşqçi təyin olunmuşdu. Komanda 2024/2025 mövsümündə çempionatı üçüncü sırada bitirib. Pioli bu komandanı bütövlükdə 44 oyuna çıxarıb, 28 qələbə, 7 heç-heçə və 9 məğlubiyyət görüb.

Piolinin “Əl-Nəsr”lə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. Lakin italiyalı mütəxəssisin məhz “Fiorentina”dan aldığı təkliflə əlaqədar Səudiyyə Ərəbistanı təmsilçisini tərk etdiyi iddia olunurdu.

“Fiorentina” Stefano Pioli üçün doğma klubdur. Belə ki, o, vaxtilə Florensiya klubunda həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərib. 2017-2019-cu illər aralığında “Fiorentina”nı 74 oyuna çıxarmış mütəxəssis 27 qələbə, 25 heç-heçə və 22 məğlubiyyət yaşayıb.

59 yaşlı mütəxəssis karyerası ərzində “Salernitana”, “Modena”, “Parma”, “Qrosseto”, “Pyaçentsa”, “Sassuolo”, “Kyevo”, “Palermo”, “Bolonya”, “Latsio”, “İnter”, “Milan” kimi komandalara da rəhbərlik edib.

“Fiorentina”nı ötən mövsüm Raffaele Palladino çalışdırırdı. O, bu yay Florensiya klubunu tərk edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: