Stiv Kuper “Nottingem Forest”dən qovuldu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest” baş məşqçisi Stiv Kuper ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Uelsdən olan 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib.

İngiltərə mətbuatında yayılan məlumatlara görə, “Nottingem Forest”i bundan sonra son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”da çalışmış portuqal mütəxəssis Nuno Espirito Santo çalışdıracaq. Hazırda tərəflər arasındakı danışıqların davam etdiyi bildirilir.

Xatırladaq ki, Stiv Kuper 2021-ci ilin sentyabr ayından “qırmızı-qaralar”ın “sükanı arxasında” çalışırdı. O vaxtdan bəri bu komandanı 108 matça çıxarmış mütəxəssis, 43 qələbəyə sevinib. Qalan oyunlardan 27-si heç-heçə, 38-i isə məğlubiyyətlə bitib.

Kuper 23 il sonra bu komandanı Premyer Liqaya çıxarmışdı. Lakin komandanın cari mövsümdəki uğursuz çıxışı Kuperin istefasını qaçılmaz edib. Halbuki, onun elita təmsilçisi ilə 2025-ci ilin yayına kimi müqaviləsi vardı.

Qeyd edək ki, elitaya çıxdıqdan sonra transferlərə 100 milyonlarla avro çox vəsait xərcləmiş “Nottingem Forest”in Kuperlə autsayderlər qrupunda var-gəl etməsi səbəbindən onun hələ ötən mövsüm istefaya göndərilməsi gündəmdə idi.

Kuper daha öncə “Suonsi Siti”yə, İngiltərənin U-17, U-16, “Liverpul”un U-18, gənclərdən ibarət komadalarına da baş məşqçilik edib.

Xatırladaq ki, “Nottingem Forest” bu mövsüm Premyer Liqada geridə qalmış 17 turdan sonra 14 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: