Strahinya Pavloviç 18 milyon avroya “Milan”da!

Avstriyanın “Zalsburq” klubunun serbiyalı mərkəz müdafiəçisi Strahinya Pavloviç bundan sonra “Milan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

23 serb futbolçu “Milan”la müddəti 2028-ci ilin iyn ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid “rossoneri”yə 18 milyon avro məbləğində başa gəlib.

Strahinya Pavloviç futola “Savatsium Şabats” klubunda qədəm qoyub. Buradan “Partizan”a yol tapmış Pavloviç böyük futbolda elə, Belqrad klubunun heyətində debüt edib. Pavloviç karyerası ərzində “Monako”, “Serkl Brügge”, “Bazel” və “Zalsburq”da çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Pavloviç “Zalsburq”un heyətində bütün yarışlarda 37 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Pavloviçin “öküzlər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 71 oyun, 6 qol, 6 məhsuldar ötürmə.

Strahinya Pavloviç 2024-cü ilin iyununda debüt etdiyi Serbiya yığmasının heyətində 38 oyuna 4 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Strahinya Pavloviçin qənimətlər muzeyində “Partizan”la qazandığı Serbiya Kuboku (2018/2019) və “Zalsburq”la qazandığı Avstriya çempionluğu (2022/2023) var.

Daniel Maldini və Lorenso Kolombo “Milan”dan ayrıldılar

“Milan” iki futbolçusu ilə də yollarını ayırıb. Bu klubun hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini A Seriyasının digər klubu “Montsa”ya keçib. Ötən mövsümün ikinci dövrəsini məhz bu komandada icarədə keçirmiş Daniel, “Montsa” ilə azad agent kimi 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Daniel Maldini “Milan”ın və İtaliya futbolunun əfsanəsi Paolo Maldininin oğludur. Gənc futbolçu “Milan”ın əsas komandasında da 24 oyuna çıxıb və 1 qolla yadda qalıb. O, “Spetsiya” və “Empoli”də də icarədə olub. Maldini “Montsa”da icarədə olduğu müddətdə 11 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

İtaliyanın U-18, U-19 və U-20 yığmalarında oynamış Daniel, əsas millidə debüt şansı qazanmayıb.

“Milan” hücumçusu Lorenso Kolombonu da “Empoli”yə icarəyə verib. Sözügedən klub 22 yaşlı italyan forvardı qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Lorenso Kolombo “Milan”ın yetirməsidir. O, bu klubun əsas komandasında 11 oyuna çıxıb, 1 qol vurub. Gənc hücumçu daha öncə “Kremoneze”, SPAL, “Leççe”də də icarədə oynayıb. Kolombo İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: